Ənənəvi İş Dünyasından Startap Macərasına

Nijat Fataliyev

Sep 26

2 min

Türkiyənin ən böyük e-ticarət moda platformasının qurucusunun öz biznesini açmaq üçün Harvard Biznes Məktəbini tərk etdiyini bilirdinizmi? 

Trendlərin fəsillər kimi tez dəyişdiyi dinamik elektron ticarət dünyasında innovasiya etmək elə də asan deyil. Trendyol-un CEO-su Demet Mutlu geyim və aksesuar alış-verişini yenidən formalaşdıraraq dəb və moda sənayesində qabaqcıl ad kimi ortaya çıxdı. Bu bloqda Demet Mutlunun diqqətəlayiq startap yolunu və bunun e-ticarət dünyasına təsirini araşdıracağıq.

Demet Mutlu kimdir?

Demet Mutlu 1981-ci ilin 22 avqustunda Nyu-York şəhərində anadan olub. Atasının həm ABŞ-da, həm də Türkiyədə tikinti şirkətləri olan Mutlu əzmkarlığı ailəsindən öyrənib. 

Türkiyədə doğulub boya-başa çatan o, İstanbul Texniki Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Demet burada analitik düşüncə, problem həll etmə bacarıqlarını inkişaf etdirib. Onun texnologiyaya olan eşqi nəhayət, onu 2010-cu ildə dəbdəbəli e-ticarət platforması olan Trendyol-un həmtəsisçisinə çevirdi. Bəs Türkiyənin ən uğurlu onlayn pərakəndə satış şirkətlərindən birini quran Demet bu yola necə başladı? Gəlin birlikdə öyrənək. 

Trendyol bir fenomen kimi

Trendyol, şüurlu istehlakçılar və geniş çeşiddə geyim markaları arasında körpü yaratmaq üçün yenilikçi bir konsepsiya olaraq başladı. Demet Mutlunun vizyonu, alıcıların ən son tendensiyaları və üslublarının hamısını bir yerdə, asanlıqla əldə edə biləcəyi bir platforma yaratmaq idi. Bu baxış təkcə məhsul satmaq deyil, həm də hər bir fərd üçün fərdiləşdirilmiş alış-veriş təcrübəsini qurmaq idi.

Sərt rəqabətlə üzləşən Trendyol məhsul çeşidini şaxələndirərək üçüncü tərəf satıcılar üçün bazara çevrilməklə seçildi. Platformanın uğuru fərdiləşdirmə, məhsulları tövsiyə etmək üçün alqoritmlərdən istifadə və ildırım sürəti ilə çatdırılma həyata keçirmək idi. 

İnnovasiyanın mərkəzinə yaxınlaşmağa başladıqca, bəzən uğura inam azalırdı. Demet müsahibələrinin birində qeyd edir ki, tövsiyə alqoritmi və çatdırılma ilə bağlı planlarını sektordan bəzi dostları ilə müzakirə etdikdə çoxları ona inanmamışdı, lakin bu ona maneə olmadı. Komandası ilə iş başına keçən Demetin dəstəyi və əlaqələrini genişləndirməsi nəticəsində işlər daha da yaxşı getməyə başladı. Trendyol-un populyarlığı artdıqca, ölkədə heç bir Akseleratora qoşulmasa belə, vençurlardan gələn investorların sərmayə marağı da sürətlə genişlənməyə başladı.

Pikə doğru gəminin başında 

Trendyol dünya bazarlarına daxil olan kimi Demet Mutlunun arzusu Türkiyədən də kənara çıxdı. 2018-ci ilin may ayında şirkətin dəyəri milyard dollar həddini keçərək, ona hörmətli "unicorn" statusunu qazandırdı.

Bu maliyyələşdirmə raunduna Türkiyənin e-ticarət bazarının potensialını və regionda mövcudluğunu gücləndirməyə çalışan Çin elektron ticarət nəhəngi Alibaba rəhbərlik etdi. Alibaba-nın Trendyol-a investisiyası strateji xarakter daşıyırdı. Bu, Alibaba-nın qlobal bazarlara genişlənməsi və Türkiyədə sürətlə inkişaf edən e-ticarət sektoruna daxil olması üçün atılan addımın bir hissəsi idi. Belə ki, investisiya təkcə Trendyol startapına əhəmiyyətli sərmayə qoymadı, həm də Alibaba-nın e-ticarət və logistika sahəsində təcrübəsinə çıxış imkanı verdi.

Demet-dən nə öyrənə bilərik?

Türkiyədən başlayan və regiona doğru genişləyən Trendyol innovasiya, müştəri mərkəzliliyi və uzaqgörən liderliyi nümunə göstərir, insanları e-ticarət vasitəsilə böyük xəyallar qurmağa ruhlandırır. 

Əslində, Demet Mutlu-nun Trendyol ilə uğuru nümayiş etdirir ki, vizyon, innovasiya, müştəriyə olan yanaşma, davamlılıq və strateji qərarların doğru analitikası startap təsisçilərinin özlərində formalaşmalı olan və yuxarıdan-aşağıya bütün komandasına yayılmalı olan keyfiyyətlərdir. Bunları izləyən Demet sonda ənənəvi iş dünyasından startapa keçid edərək Trendyol-u "unicorn"-a çevirdi.

Onun kimi belə bir yola təşəbbüs etmək hər nə qədər çətin olsa da, hal-hazırda Demet startapa yeni başlayan minlərlə təsisçi üçün ilham mənbəyidir :)



#startap #uğur #uğurhekayəsi #akselerasiya #inkubasiya #innovasiya #sabahhub